seirler.info
Məndən qaçan ahu
Gözlarimin qarasıyla yazdım bu zərif qəzəli,
Bəlkə sözüm ram eylədi sənintək ahu gözəli.
Ağartdı gözüm giləsin sübhədək hicran gecəsi,
Bir sabahın ümidiylə dərdə, sitəmə dözəli.
Gəncliyimi puç eylədin, həsrətin qocaltdt məni,
Get, ey cavan, qocalasan qəmxarından əl üzəli.
Gözümün sevinc yaşıyla sərvtək ucaltdım səni,
Boyun özgəsinin oldu, barsızdır eşqin əzəli.
Ay camalın tilsimmi aydan soruşaram gecə,
Neçin mehrin yoxudur mənə, dili, dodağı məzəli?!
Baharımsan, bir bülbüldən soruş mənim əhvalımı,
Göz yaşıma naxış saldı ömür bağımın xəzəli.
Boğanaq da məndən aldı bu şövqü ki, divanətək
Qaçıb yaysın dağa, düzə dərdimi köhnə-təzəli.
Köynəyimin yaxasını əl atıb cırmaq istərəm,
Başına hava gələnin yaxasın yırtar öz əli.
Bükük belli çöhrə fələk saçımı pambıq eylədi,
Zal olsam da, can düşmənim hazırdır əli nizəli.
Şəhriyarın ürəyi də yarılmış bir nara bənzər,
Tökülüb dənə sözləri, qalıb quruca gəzəli.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri