seirler.info
Pirim atam
(Sevinc Azadlı)
Ey məni öz qanından, canından xəlq edənim,
İnandığım ocağım, müqəddəs pirim atam.
Yaradanımdan sonra səcdə etdiyim insan,
Milyonların içində yeganəm, birim atam.
Əziz-ağırlığımsan, açıq qapımsan Adam,
Hökmü keçər olardım ömrünə ömür qatam,
Qarşında əyildim ki, ayaqlarına çatam,
Durduğun yerə belə çatmadı sərim, atam.
Ən çətin günlərimdə sənə gəlir gümanım,
Ancaq sevgi bəxş edib, ancaq sevgi umanım,
A mənim sonsuzluğum, gözü dərya, ümmanım,
Nə yaxşı sularında yenib lövbərim, atam.
Var olduğun müddətcə üstümü almaz ki, çən,
Yeddi möcüzəsinə dünyanın olmusan tən,
Sən mənim İlahiyə ən böyük şükürümsən,
Tanrıdan sonra Tanrım, qibləm, and yerim atam.
18.03.2025
_______________________________________________
Teqlər: Sevinc Azadlı şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri