logo

seirler.info

Azərbaycan


    Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan,
    Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan!

    Səndən uzaq düşsəm də mən, eşqin ilə yaşayıram,
    Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan...

    Bütün dünya bilir, sənin qüdrətinlə, dövlətinlə
    Abad olub, azad olub mülki-İran, Azərbaycan!

    Bisütuni-inqilabda Şirin - vətən üçün Fərhad
    Külüng vurmuş öz başına, zaman-zaman, Azərbaycan!

    Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
    Ustadımız deyib: heçdir vətənsiz can, Azərbaycan.

    Qurtarmaqçün zalımların əlindən Rey şümşadını,
    Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan!

    Varəb, nədir bir bu qədər ürəkləri qan etməyin,
    Qolubağlı qalacaqdır nə vaxtacan Azərbaycan?

    İgidlərin İran üçün şəhid olub, əvəzində
    Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan!

    Övladların nə vaxtadək tərki-vətən olacaqdır?
    Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!

    Bəsdir fəraq odlarından kül ələndi başımıza,
    Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!
    
    Şəhriyarın ürəyi də səninkitək yaralıdır,
    Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər