seirler.info
Bayatılar
Xəzan gəldi, gül apardı,
Bir şeyda bülbül apardı,
Yanmışdım mən, kül olmuşdum,
Yel də gəldi kül apardı.
Üzdüm əl bir nazlı yardan,
Gözəl üzlü gülüzardan.
Sevgilimtək bir cəvahir
Bir də doğmaz ruzigardan.
Yar hər yerə mənnən getdi,
Əcəl gəlcək onnan getdi.
Dayan, gəlim yola salım,
Xoş günüm də sənnən getdi.
Elim getdi, ölüm qaldı,
Alovlandım, kulüm qaldı.
Uçurdu bülbülüm bağdan,
Deyəydi bir gülüm qaldı.
Üzüyüm qaşsız qaldı,
Çəmənim quşsuz qaldı,
Ay aman, İqbal getdi,
Təbrizim başsız qaldı.
Yarı kaş görmiyəydim,
Vəsli xoş görmiyəydim,
Öləydim yardan qabaq,
Yerin boş görmiyəydim.
Şah Əlinin al quşuydu,
Hakimlərin tay-tuşuydu,
İncəsənət toy tutanda
Toybəyinin sağduşuydu.
Eylə səs, eylə münacat,
Eylə təsxiri-səmavat,
Eylə tovfiq, eylə dövran,
Bir də heyhat, bir də heyhat...
Ürəyimin həmdəmiydin,
Hər sirrimin məhrəmiydin,
Özün yara almamışkən
Hər yaranın məlhəmiydin.
Navarın kisin tutduq,
İqbalın səsin tutduq,
Navarda toy tutmamış
İqbalın yasın tutduq.
Yükümü çatdım mən də,
Qoy gedim itim mən də,
İqbaltək atam ölüb,
Qalmışam yetim mən də.
Gül budağım dolmıyaydı,
Dolurdu da solmıyaydı,
Ya bən-adəm ölmiyəydi,
Ya təkindən olmıyaydı.
Sənlə getdi xoş həyatım,
Altmış iliik xatiratım.
Sanki ağzımda dad öldü,
Zəhr olub qəndim-nabatım.
Baxdım qələm qaşına,
Yazdım qəbir daşına:
Səndən sonra kül olsun
Bu dünyanın başına.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri