logo

seirler.info

Çölümdən yanıram, köz içimdədi

    (Orxan Bahadırsoy)
    
    Çölümdən yanıram, köz içimdədi,
    tüstümsən, külümsən, odumsan, adam!
    Mən sənin nəyinəm, nə vecimədi!?
    Sən mənim sevdiyim adamsan, adam!

    Tutur yarasalar əlimdən mənim,
    tutur ki, çıxara gün işığına.
    Mənsə çırpınıram pərvanələrtək,
    sənin şəkildəki yaraşığına.

    Səndən ayrıldığım yerdə qalmışam,
    hələ gözləyirəm, gəlmirsən axı.
    Elə uçulmuşam, elə çökmüşəm,
    gəlib görəsən bu xarabalığı.

    Bilmirəm, səninçün ölüyəm, sağam?!
    Bilmirəm, sən məni necə sayırsan?!
    Onu bilirəm ki, iki canım var,
    məndə mən ölsəm də, sən yaşayırsan.

    Demirəm, dərdimi çək, üzül mənə.
    Demirəm, özün gəl, ya gözlə məni.
    Deyirəm, hərdən bir xatirəndə tut,
    götür yaddaşından, əzizlə məni.

    Dostumsan, doğmamsan, özümsən mənim,
    zənn etmə, özgəmsən, yadımsan, adam!
    Mən sənin nəyinəm, nə vecimədi!?
    Sən mənim sevdiyim adamsan, adam!
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər