seirler.info
Dəyər verildi
(Aytəkin Səfərəliyeva)
Hamıya göy boyda çatan məhəbbət,
Mənə quş dimdiyi qədər verildi.
Ömrümün ən gözəl illəri bir-bir,
Dərilib zamana hədər verildi.
Nəyi dəyişəcək gözdən yaş tökmək
Qüssəyə ev yıxmaq, şənə ev tikmək
Daha gileylənmə, sənə dərd çəkmək
Mənə də sənsizlik nəmər verildi.
Doğru susduruldu lal adı ilə,
İnsanlıq satıldı qul adı ilə,
Baxma güldüyümə bal adı ilə,
Bizə qaşıq-qaşıq zəhər verildi.
Həyat heç vaxt baxmır ağaya, bəyə
Qəm-qüssə çıxıbsa arzuna yiyə
Ürək arasına çəkərik deyə
Könül uzununa çəpər verildi.
Keçdi arzularım cəllad girinə
Döndü çox məhəbbət könül kirinə
Mənim ürəyimdə ölən birinə
Diri duyğularım sipər verildi.
Heç kim çalışmayır nöqsan gizləyə
Böyüyə, kiçiyə hörmət gözləyə
Burda insanlığa, haqqa,düzlüyə
Əxlaqa, imana xətər verildi.
Yaşatsan yaşamaz, öldürsən ölməz,
Yaxşılıq anlamaz, mərhəmət bilməz,
Çəksən adamlığı yüz qram etməz,
Dəyərsiz bər kəsə dəyər verildi.
_______________________________________________
Teqlər: Aytəkin Səfərəliyeva şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri