seirler.info
Canan demə, aşiq sənə həsrət deyil indi
Canan demə, aşiq sənə həsrət deyil indi,
Yad etməsə əhf et onu, fürsət deyil indi.
Bir xeyli çətinliklərə məruz qalıb artıq,
O gördüyün insanı tamam dərd alıb artıq.
Bu ayrılığı ortaya qürbət salıb artıq,
Gəlmirsə vəziyyət o vəziyyət deyil indi.
Tam başqa diyar,bir də tamamən yad əhali,
Məcburi didərgin hala hər kəs olub hali,
Düzdür sənə dönməkdir onun məqsəd,əmali
Ancaq alınan səpgidə niyyət deyil indi.
Səndən savayı yox arayan yaxşı ki, varsan,
Vadar eləmə gəlməyə, gəlsə pis olarsan.
Pəjmürdə hal olmuş daha, görsən tanımarsan,
Surət də cavanlığdakı surət deyil indi.
Müşkildi çata eşqinə, divanədi şair,
Öz əhdinə sadiq qalan əfsanədi şair.
Aləm də nigarandı ki, məstanədi şair,
Aludeyi-mey olmağı xəlvət, deyil indi.
Bir vaxtı deyərdim o gələnmirsə özün get,
Məqsəd onu görməkdisə getməklə çalış yet.
Ancaq,mənə İman dedi, get yarə de, səbr et
Tezliklə görüşmək hələ qismət deyil indi.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri