logo

seirler.info

Dilənçi

    (Mirzə Ələkbər Sabir)

    Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!
Vaqqıldama bayquş kimi, idbar dilənçi!

Bu məclisimiz məclisi-ehsandır əgərçi,
Düzdüklərimiz neməti-əlvandır əgərçi,
Ehsan füqəra kəsləri sayandır əgərçi,
Bir adəti-irsiyyəti dəxi var, dilənçi!
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!

Dövlətliləriz, məqsədimiz eysu səfadır,
Mehmanlarımız büsbütün ərbabi-qinadır,
Kökdür, yekədir, boynu yoğundur, nücəbadır,
Bəydir, ağadır, ağzı duali üləmadır,
Bişmişlərimiz min cürə ləzzətli qidadır,
Dikmə gözünü mətbəxə, biar dilənçi!
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!

Dəxli bizə nə boşda qalıb dəsti-sualın?!
Yainki acından mələşir əhlin, əyalın?!
Bax, bax, necə çirkindir o mənhus cəmalın!
Hax-tuf üzünə, surəti murdar, dilənçi!
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!

Dövlətli neçin sərf edib öz bəzlü səxasın,
Əyanı qoyub, doydura şəhrin füqərasın?
Töksün görüm Allah üzünün şərmü həyasın!
Əl çək yaxamızdan, itil, idbar dilənçi!
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!

Bir dəfə fəqir olduğunu anla da, zinhar,
Dövlətlilərin bişmişinə olma həvəskar,
Yoxsa yeməyə bir zadın, öl, canını qurtar!
Etmə bu qədər bizlərə azar, dilənçi!
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!

Fəqr əhli qənilərlə mülaqat edə bilməz,
Dövlətliyə insanlığın isbat edə bilməz,
Dövlətli fəqir ilə müsavat edə bilməz,
Nöqsan gətirər şəninə bu kar, dilənçi!
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!



______________________________________________
Teqlər:  Mirzə Ələkbər Sabir şeirləri, 
Mirzə Ələkbər Sabir dilənçi şeiri,şeirlər,
dilenci seiri mirze elekber sabir,seirler,
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi


#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər