logo

seirler.info

Getdin

    Nədən bu halımı, ey şux, zar edib getdin?
    Bu intizarı əcəb intizar edib getdin.

    Təbəssüm ilə gəlib sonradan acıqlandın,
    Məni bu dərdə neçin sən düçar edib getdin?

    İnan, yaman dolanır ruzigarı yaxşıların,
    Bu ruzigara məni etibar edib getdin?

    Vüsal fikri bir an keçməmişdi qəlbimdən,
    Məni kəməndə salıb, sən fərar edib getdin.
  
    Ömür gedib, köçür artıq bu karivan, ey gül,
    Bu yolda sən də mənim tək güzar edib getdin.

    Amandı, zülfünə şanə toxunmasın bir də,
    Könül evin əbədi tarimar edib getdin.

    Nigarı tərk eləmək bizlərə deyil adət,
    Vəfasızım, niyə bəs tərki-yar edib getdin?

    Gülüm, səhər şəfəqim, mənsə bir sönən şəməm,
    Bu son nəfəsdə təbəssüm nisar edib getdin.

    Ümid təkcə sən idin, alovlu eşqim sən,
    Şəbidinəm, məni şəmi-məzar edib getdin.

    Vüsalə, hicrə özün hakim idin, ey dilbər,
    Mənə həmişə feraq ixtiyar edib getdin.

    Mənim gözəl maralım, tülküyə şikar olma,
    Məhəbbətinlə sən aslan şikar edib getdin.
    
    Xarab könlüm işıqlandı şəmi-arizlə,
    Məni qəzəldə, gülüm, Şəhriyar edib getdin.
  
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər