seirler.info
Əllərin nə yaman soyuqdur gülüm
(Nüsrət Kəsəmənli)
Əllərin nə yaman soyuqdur, gülüm,
Əllərin elə bil qar çiçəyidir.
Ay aman, əlində dondu ki, əlim,
Əllərin əlimin buz əlcəyidir.
Biz ki, cənubluyuq bu soyuq hardan?
Gərək gülümüz də soyuq olmasın.
Gözümüz dünyada ən qaynar bulaq,
Gərək əlimiz də soyuq olmasın.
Oddan yoğrulmuşuq, atəşik axı,
Qəlbimiz duyğular tonqalı kimi.
Yanağın elə bil alov dilimi,
İllərin bir taxta yonqarı kimi...
Əllərin nə yaman soyuqdur gülüm,
Niyə bu soyuğu indi duymuşam.
Bir ömrün məhəbbət taleyini mən,
O soyuq əllərə necə qıymışam?
Ay üzü baharlı,əli qış sonam
Giləyim gülməli gəlməsin mənim.
Qorxuram sevginə soyumağın da,
Əlindən başlaya, əlindən sənin.
Əllərin nə yaman soyuqdur, gülüm...
_____________________________________
Teqlər: Nüsrət Kəsəmənli şeirləri ,
Nusret Kesemenli, seirler,
Nusret Kesemenli seirleri,
əllərin nə yaman soyuqdur gülüm,
ellerin ne yaman soyuqdur gulum,
Nüsrət Kəsəmənli əllərin nə yaman,
ayrılıq şeirləri, şeir,
sevgi şeirləri, super şeir
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri