(Elvin Elxanoğlu)
Əsrlərlə, tarix boyu zəfərlərə imza atan,
Ulu,şanlı,oğuz köklü bir dövlətsən,Azərbaycan.
Yeraltı da, yerüstü də, sərvətlərlə zəngin olan
Özün elə başdan-başa bir sərvətsən,Azərbaycan.
Sən dünyada tanınırsan həm neftinlə, həm qazınla,
Badamlı, Sirab, İstisu, Kəlbəcərdə qızılınla.
Dəli Kürün, Xan Arazın, muğamın, telli sazınla
Sən dillərdə əzbər olan bir şöhrətsən, Azərbaycan.
Qız qalası, Möminə Xatun bir məhəbbət qalasıdı,
Gözəl Bakı axşamları sevənlərin dünyasıdı.
Məşhur Alov qüllələri inkişafın aynasıdı.
Gündən-günə gözəlləşən bir cənnətsən, Azərbaycan.
Vətənisən həm ləzginin, həm talışın, həm avarın,
Qarabağda dastan yazdı hər millətdən oğlanların.
Qarşısında baş əyirik şəhadətə çatanların,
Sən xalqları birləşdirən bir vəhdətsən, Azərbaycan.
Naxçıvanın xoş havası, Qarabağın mənzərəsi,
Çox gözəldi təbiəti, müqəddəsdi hər bölgəsi.
Yeməkləri, müsiqisi, gözəl adət-ənənəsi -
Cənnət görmək istəyənə bir dəvətsən, Azərbaycan.