seirler.info
Eşqin intiqamı
Meylin salıb ol mah, cəfakara özündən,
Qəlbin verib o indi dilizara özündən.
Hərçənd mənim tək ona min-mindi giriftar,
Olmuşdu giriftar, o giriftara özündən.
Çox qəlbi giriftarlara vermişdi cəfalar,
Axırda giriftardı cəfakara özündən.
O xəstə gülün çoxlu pərəstarları vardır,
Bax indi pərəstardı o, bimara özündən.
Durdum yolun üstündə onu bəlkə görüm mən,
Kimsə eləmişdi onu avara özündən.
Dünyada nə gül varsa gözümdə tikan idi,
Xar rast gələcəkmiş demə ki, xarə özündən.
Ey canım alan, ey büti-əyyar, sənə əhsən,
Çaldın, ürəyin rast gəlib əyyara özündən.
İnsaf deyil incidəsən sən o nigarı,
Rast gəlmədi çün canlar alan yara özündən.
Tapşır məni də sən ona bu eşqdə ancaq,
Qayil deyil o, çünkü vəfadara özündən.
Gördükdə şirin təbimi ol ləl dodaqlar,
Bənzətdi onu şəhdi-şəkərbara özündən.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri