logo

seirler.info

Gözləri var

    (Əliağa Vahid)
    
    Bu dilbərin nə gözəl, aşiqanə gözləri var,
Nə yaxşı canalıcı, məhrəmanə gözləri var!

Bütün gözəllər içində bu nazənin gözəlin
Gözəlliyindən əlavə, yeganə gözləri var.

Bu dilrüba gözəlin qan töküb, can almaqda
Qəribə cazibəli, mahiranə gözləri var.

Baxanda, ey könül, ol şuxə ehtiyat ilə bax,
Saqın ki, canalıcı, dilbəranə gözləri var.

Görəndə aşiqi min naz ilə işarə edir,
Ümumi cəzb eləyən arifanə gözləri var.

Bir özgə dilbərə, Vahid, deyilməmiş bu qədər,
Bu afətin nə gözəl, şairanə gözləri var!

  
Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər