seirler.info
Həzin nalələr
Baxanda könlümü çəkdi apardı yar məndən,
Apardı göz yaşı hicrində ixtiyar məndən.
Behişt, hər nə ki var, sizlərin qiyamətdə,
Mənimki olsun o yar, düşməsin kənar məndən.
Könül, deyildi səninlə qərarımız böylə,
Dönəndə xəncərə sən, getdi iqtidar məndən.
Saçından oldu qara ruzigarım, ey dilbər,
Daha nə istəyir artıq bu ruzigar məndən.
Təranələr yaranar hər zaman bu aləmdə,
Ucalsa, göylərə çıxsa bu ahü zar məndən.
Piyalənuş həriflər salanda yadə məni,
Bitər məzarımın üstündə laləzar məndən.
Düşürmü yadına aydın gecə görüşdüyümüz
Ki, oldu göz yaşı gövhər kimi nisar məndən.
Sən əhd bağladın, ulduzlar oldu şahidimiz,
Sitarələr utanır indi, ey nigar, məndən.
Özümlə olsa, o xalə, könül, uduzmaz idim,
Hərif aparmış idi əvvəl ixtiyar məndən.
Mənimlə yarın işi bitdi, Şəhriyar, artıq
Qalan bu incə qəzəl təkcə yadigar məndən.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri