seirler.info
Mənə bu dünyanı tərif etməyin
(Aytəkin Səfərəliyeva)
Nə qədər yalançı şahlıq eyləyir
Nə qədər riyakar qula çevrilib.
Qiyməti əvəzsiz xətir-hörmətdə
Yaltağın gözündə pula çevrilib.
Necə ucuzlaşıb yıxılıb ölmək,
Yıxılıb bir gözdən ölə bilirsən.
Bir az maddi gücün yüksək olanda
Yoxsulu özünə kölə bilirsən.
Çox heyif dünyada olub, bitənə
İnsanın insana zülümünə bax.
Dünyaya günahsız gələn körpənin
Ac-susuz, çarəsiz ölümünə bax.
Ədalət adıyla höküm verilir.
Ədalət olmayan yerin üzündə.
İndi tərəzilər doğru göstərmir
Hiylə var düzlüyü çəkən gözündə.
Burda mərhəmətin üzü dönübdü.
Burda düz danışan düzlərdə qalır.
İndi ədalət də, doğru da, haqq da,
Bir neçə bəzəkli sözlərdə qalır.
Mənə bu dünyanı tərif etməyin
Yalanın papağı düz qoyulursa.
Haram da, rüşvət də, yalançılıq da,
O yerdə ən ali iş sayılırsa.
_______________________________________________
Teqlər: Aytəkin Səfərəliyeva şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri