seirler.info
Nakam məhəbbət
(Elvin Elxanoğlu)
Sənsizlik o qədər ağırdı sanki,
Dünyanın yükünü daşıyıram mən.
Unuda bilmirəm ötən günləri,
Elə bil, keçmişdə yaşayıram mən.
Səni canımdan çox sevmişdim axı.
De, indi mən səni unudum necə?
Demişdin gözünə görünməyəcəm,
Xəyalın yuxuma gəlir hər gecə...
Gedişin ömrümə qışı gətirdi,
Üşüyür qəlbimin sən olan yeri.
Bütün gələcəyi qurban verərdim,
Ötən bir günümüz dönsəydi geri.
Aradan keçibdi əzablı illər,
Görsək tanımarıq bir-birimizi.
Yalnız onu bil ki, günahkarıq biz,
Birlikdə öldürdük saf sevgimizi...
Dünyaya sığmazdı bizim sevgimiz,
Neyliyək, xoşbəxtlik olmadı qismət.
İndi bir şairin misralarında,
İkicə kəlməyik-nakam məhəbbət.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri