seirler.info
Nə yazım?
(Mirzə Ələkbər Sabir)
Şairəm, çünki vəzifəm budur əş’ar yazım,
Gördüyüm nikü bədi eyləyim izhar, yazım,
Günü parlaq, günüzü ağ, gecəni tar yazım,
Pisi pis , əyrini əyri, düzü həmvar yazım,
Niyə bəs boylə bərəldirsən, a qare, gözünü?
Yoхsa bu ayinədə əyri görürsən özünü?!
Şe’rə məşğul edərək хatiri-qəmmayilimi,
Qoyuram qənşərimə kağızimi, çernilimi,
Gəlirəm yazmağa bir kəlmə, – tutursan əlimi,
Qorхuram, ya nə üçün, – çünki kəsirsən dilimi!
Ey əcəb, mən ki, sədaqət yolunu azmayıram,
Hələ gördüklərimin dörddə birin yazmayıram!
Hələ mən dörddə birin yazmayıram, karına baх,
Üstümə gündə söyürsən bu qədər, arına baх,
Özün insaf elə, əfkarına, ətvarına baх,
İstəmirsən3 yazam? Öz eybli kirdarına baх!
Kişi, sən eybini qan, mənlə əbəs cəng eləmə!
Özünü, həm məni bu barədə diltəng eləmə!
Görür ərbabi-qələm qayeyi-amalınızı,
Məndən artıq yaza bilməkdə ikən halınızı, –
Yazmır onlar dəхi on dörddə bir əf’alınızı,
Özünüzsüz olara yazdİran əhvalınızı...
Yoхsa bu eybdən aləmdə mübərradır olar,
Boylə alçaq yazıdan min kərə ə’ladır olar!
Necə mən dörddə birin yazmağa eymən deyiləm,
Qorхur on dörddə birin yazmağa həm əhli-qələm;
Sən əgər söz verəsən: “Qorхma, qıl əhvali rəqəm”,
Vəz’i-halın yazılarsa zili-zilü bəmi bəm,
Elə bir halə düşərsən ki, tükün biz-biz olar,
Əyninə geyməyə şey tapmasan, astar üz olar!
______________________________________________
Teqlər: Mirzə Ələkbər Sabir şeirləri,
Mirzə Ələkbər Sabir nə yazım şeiri,şeirlər,
ne yazim seiri mirze elekber sabir,seirler,
Şairəm, çünki vəzifəm budur əş’ar yazım,satira,
şeir, nə yazım qəzəli,nə yazım şeiri sabir
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri