seirler.info
İndi niyə
Gəlmisən, canım sənə qurban ola, indi niyə?
Düşmüşəm əldən daha, ey bivəfa, indi niyə?
Nuşdarusən, fəqət Söhrab ölüb, gec gəlmisən!
Eyləməz təsir ona heç bir dəva, indi niyə?
Mümkün olsa mərhəmət qıl, ömürlərdə yox vəfa!
Söyləmə mehmanına zövqü-səfa indi niyə?
Gənc idim, ləzzət alırdım, nazəninim, zülmdən,
Eyləyirsən söylə bəs cövrü cəfa indi niyə?
Bir şirin-söhbət üçün əydim önündə qəddimi!
Zəhrtək verdin cavab Fərhadına indi niyə?
Ey qara hicran, elindən bircə dəm göz yummadım!
Bəxtimi sən tutmusan bu laylaya indi niyə?
Asiman qıldı pərişan, halımı zar eylədi!
Qaldırıbdır qəhr ilə min bir bəla indi niyə?
Sən ki, gül hicrində, təbim, lal kimi xamuş idin,
Salmısan bülbül kimi şurü nəva indi niyə?
Sən Həbibsiz, Şəhriyarım, getməz idin heç yana,
Son səfərdir, tək çıxıbsan sən yola indi niyə?
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri