seirler.info
Qayıt
(Nəriman Həsənzadə)
" Bir qadın ömrünü girov qoymuşam,
bir şair ömrünü yaşatmaq üçün".
Sara
Tək çəkə bilmirəm can əzəabını,
Sənsiz ürəyimi əzir ayrılıq.
Mən zəngi basanda, sən aç qapını,
Bəxtimə çıxıbsan, qarşıma sən çıx!
Tək sənin səsinə həsrətəm evdə,
Susub dinləsəm də dostu, tanışı.
Oğul - qız yanında mən təkəm evdə,-
Başqadır həyatda həyat yoldaşı.
Uşaqlıq yoldaşım, gözümün nuru,
Könlümün həyanı, ülfəti sənsən.
Qalxsam, ailədə ata qürurum,
Yıxılsam, dizimin taqəti sənsən.
Həyat çox sınadı xeyirdə, şərdə,
Mən dara düşəndə ilk həyanımsan.
Sən "Nabat xalanın çörəyi" ndə də
Mənim Fərəh adlı qəhrəmanımsan.
Yayın istisində - sərin günlüyüm,
Qışda od nəfəsin hərarət verir.
Mənim məğrurluğum, ərköyünlüyüm
Ancaq sənə görə, sənə görədir.
Qayıt, adamları təzədən tanıt,
Səhvimin üstündə danla xəlvəti.
"Mənsiz nə olacaq sənin axırın!" -
Bir də təkrar elə bu həqiqəti.
Evimin bəzəyi, qayıt evinə,
Pəncərə, döşəmə eləcə durur, -
Nə qədər silirəm toz basır yenə,
Sənin sildiyintək heç təmiz olmur.
Bəzən qohumların yanır ürəyi,
Deyirlər gəl çay iç, çörək ye hərdən.
Sənin bişirdiyin dadlı xörəyi
Mən tapa bilmədim o süfrələrdən.
İlhamım, qələmim danışan deyil,
Qayıt, öz gözümdə itirəm sənsiz.
Ünvan mənimkidir, ancaq elə bil, -
Özgənin evinə gedirəm sənsiz.
Qoşa hacıleylək yuvası olur,
Heç qaranquşu da tək qoymur həyat.
Bütün canlıların dünyası olur -
Sən mənim dünyamsan, dünyama qayıt.
______________________________________________
Teqlər: Nəriman Həsənzadə şeirləri,
Nəriman Həsənzadə qayıt şeiri,qayıt şeiri,
qayit seiri neriman hesenzade,şeir,
şeirlər,neriman hesenzade seirleri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri