logo

seirler.info

Qəzal və qəzəl

    Bu gecə badə ilə dəfi-məlal eyləmişəm,
    Ömrümün bir gecəsində belə hal eyləmişəm.

    Biz hara? Tar hara, yarəb, gecə meyxanə hara?
    Unudub dərdi bu əyyamda məcal eyləmişəm.

    Saqinin qəmzəsi ox, mey camı olmuş sipərim,
    Fələyin cövrü ilə cəngi-cidal eyləmişəm.

    Mey dəmir tək eləyib canımı, qəmlə vuruşum,
    Qəm demə, düşmənimi Rüstəmi-Zal eyləmişəm.

    Acı əyyamı şirin etməyə sərxoş dolanıb,
    Könlümü indi əsiri-xətü xal eyləmişəm.

    Görmüşəm mən üzünün yarısını, tək qaşmı,
    Ay üzündə necə gör seyri-hilal eyləmişəm.

    Getmiş hicran orucu görcək hilal qaşlarını,
    Bayram olmuş bu görüş, əzmi-vüsal eyləmişəm.

    Görmüşəm üzdə o zərrin teli pərvanə kimi,
    Yanmışam odlara, tərki-pərü bal eyləmişəm.

    Eşq dərsi mənə öyrətsə də hicran qəmini,
    Eşqə düşməklə belə kəsbi-kəmal eyləmişəm.

    Yatmayıb sübhə kimi mən gecə, günüzlü yarın,
    Sinəsi güzgüm olub, seyri-cəmal eyləmişəm.

    Saqinin zülfunə eşq bağlamasa ömrü əgər,
    Mən belə dərk eləyib, böylə xəyal eyləmişəm.

    Şəhriyari-qəzəl etmiş məni ceyran, gözəlim,
    Gör qəzəl ilə necə seydi-qəzal eyləmişəm.
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər