(Elvin Elxanoğlu)
Tək-tənha oturub oturacaqda
Qoca dalmış idi dərin xəyala.
Gözləri baxdığı nurlu dünyada
Cavab tapmamışdı xeyli suala.
Yaşlı gözləriylə ətrafı süzür,
Cavan çağlarını xatırlayırdı.
Yaşlılıq, ağrılar qəlbini üzür,
Hamıdan gizlincə hey ağlayırdı.
Zəhmətlə yoğrulmuş iki əliylə
Çəliyə söykənib kədərlə baxır.
Həyat yüz oyunla, min hiyləsiylə
Gözünün önündən su kimi axır.
Bir keçmişə baxır, bir gələcəyə,
Yalnız cavan qalan ümidləriydi.
Həsrətlə baxırdı hər bir küçəyə,
Ona sadiq qalan tək dərdləriydi.
Ən sadiq bildiyi ayaqları da
Artıq vəfasızlıq eyləyir ona.
Sirdaşı bildiyi qulaqları da
Dostluq vəfasını yetirir sona.
Hər şeyə şahidlik edən gözləri
Nədənsə araya bir pərdə çəkir.
Dil də ünsiyyətə baxır ötəri,
Susur hər deyəndə adi bir fikir.
Fikirlər qoymadı qoca otura,
Bir an getmək düşdü onun beyninə.
Söykəndi çəliyə, ayağa dura,
Titrədi dizləri, çökdü yerinə.
Yaşlı qüruruyla gözləri doldu,
Özünü toplayıb ayağa qalxdı.
Yoldan keçənlərdən gülən də oldu,
Bu gülüş qocanı yandırdı, yaxdı.
Dedi - Yaşlanarsan bir gün, ay bala,
Ömrün yazı kimi, qışı da vardı.
Yazda bütün aləm bürünər ala,
Qışın gülü şaxta, çiçəyi qardı.
Çalış, yaşlılara kömək edəsən,
Gələcək nəsillər bizlərə baxır.
Düşünmə, sadəcə gülüb keçəsən,
Unutma, nə etsən qarşına çıxır.