seirler.info
Sənin ayrılıq gecən
Sən bahardan da gözəlsən, gözümdə bil, gözəlim,
Səni görməzsə açılmaz bu çəmən, çöl, gözəlim!
Qoyma hicrində ürək şan-şan ola, yalvarıram,
Gəl vüsalınla üzümdən bu qəmi sil, gözəlim!
Gözlərimdə qaralır dünya o qaşın kimi, bil,
Mənə şəkk eyləmə sən, şəkk eləmə gəl, gözəlim.
Tel-tel ağlar kamanım seyrə çıxa sərvi-rəvan,
Bəlkə çaylardı axar, yoxsa coşar sel, gözəlim.
Qızarar çöhrəni görcək necə də gör lalə,
Bənövşə, lalə kimi yox həyalı gül, gözəlim.
Hər baxanda utanar gözlərim əsmər üzünə,
Qara zülfün işığında gəzim el-el, gözəlim.
Kaş ki tərk eyləməsin ömrümü o qarə telin,
O qara tel çiləyər ömrümə nur, bil, gözəlim.
Mən nə çəkdimsə, o dan ulduzu şahiddi buna,
Yatmaram sübhə kimi, baxəbər ol, ol, gözəlim.
Gözlərimdən silinib surətin əsla getməz,
Sevgi ağlarsa, ovutmaz onu heç dil, gözəlim.
Bu rəvan təbimi gendən-genə duydun, bildin,
Onu hicrinə edərsən niyə bəs kül, gözəlim?
Yenə də qarə qaşın qəsdimə dursun, dözərəm,
Baxışınla günümü qarə elə gəl, gözəlim.
Şəhriyarın gözü dolsun yenə qoy yaşlar ilə,
Bu şəhərdə sənə mən bağlamışam bel, gözəlim.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri