logo

seirler.info

Qamətin xidmətinə sərvin əyilməz başı

    Qamətin xidmətinə sərvin əyilməz başı,
    Nə bilir əhli-təriqin rəvişin ol naşı.
    
    Ögünür didə ki, heyranəm əzəldən üzünə,
    Oldu məlum bu lafında ki, çoxdur yaşı.
    
    Əşk ləli rəhi-eşqində tutubdur ətəyim,
    Qorxuluqdur, necə salıb gedəlim yoldaşı?
    
    Yetdi ol qayətə zəfim ki, çəkər təsvirim,
    Hər zaman daireyi-heyrətə min nəqqaşı.
    
    Möhtəsib, tanrı üçün gəl mənə çox vermə əzab,
    Meyli-məscidmi edər meygədələr ovbaşı?
    
    Kəsdi mən şiftədən əhli-səlamət yolunu,
    Bəs ki, ətrafıma cəm oldu məlamət daşı.
    
    Ey Füzuli, nə bəla oxları kim, gəlsə mənə,
    Səbəb ol qaşları yayin gözüdür, ya qaşı.