seirler.info
Tarım mənim
Sızlayır əhvalıma sübhə qədər tarım mənim,
Təkcə tarımdır qara günlərdə dildarım mənim.
Çox vəfalı dostlarım vardır, yaman gün gəlcəyin,
Tardan özgə qalmayır yari-vəfadarım mənim.
Yer tutub qəmxanədə, qıldım fəramuş aləmi,
Mən tarın qəmxarı oldum, tar qəmxarım mənim.
Gözlərimə hər təbəssüm sancılır neştər kimi,
Kipriyi xəncərdi, ah, ol bivəfa yarım mənim.
Asiman aldı kənarımdan ay üzlü yarımı,
Yaş tökər ulduz kimi bu çeşmi-xunbarım mənim.
Ey bu qəmli könlümün tabü-qərarı, söylə bir,
Əhdi-peymanın nə oldu, noldu ilqarım mənim?
Şəhriyaram, gərçi mən söz mülkünün sultanıyam,
Göz yaşımdan basqa yoxdu dürri-şəhvarım mənim.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri