logo

seirler.info

Getmə, tərsa balası

    "İzn ver toy gecəsi mən də sənə dayə gəlim,
    Əl qatanda sənə məşşatə təmaşayə gəlim".

    Sən bu məhtab gecəsi seyrə çıxan bir sərv ol,
    İzn ver, mən də dalınca sürünüb sayə gəlim.

    Mənə də baxdın o şəhla gözülən, mən qaragün
    Cürətim olmadı bir kəlmə təmənnayə gəlim.

    Mən cəhənnəmdə də baş yastığa qoysam sənlə,
    Heç ayılmam ki, durub cənnəti-məvayə gəlim.

    Nənə qanında da sənlə əkiz olsaydım mən,
    İstəməzdim doğulub bir bu dünyaya gəlim.

    Sən yatıb cənnəti röyada görəndə gecələr,
    Mən də cənnətdə quş ollam ki, o röyayə gəlim.

    Qıtlıq illər yağışıtək quruyub göz yaşımız,
    Kuyi-eşqində gərək bir də müsəllayə gəlim.

    Sən də səhrayə marallar kimi bir çıx, nolu ki,
    Mən də bir seyrə çıxanlar kimi səhrayə gəlim.

    Allahından sən əgər qorxmayıb olsan tərsa,
    Qorxuram mən də dönüb dini-Məsihayə gəlim.

    Şeyx Sonan kimi donquz otarıb illərcə,
    Səni bir görmək üçün məbədi-tərsayə gəlim.

    Yox, sənəm! Anlamadım, anlamadım, haşa mən
    Buraxım məscidimi, sənlə kəlisayə gəlim!

    Gəl çıxaq Turi-təcəllayə, sən ol cilvəyi-tur,
    Mən də Musa kimi, ol Tura təcəllayə gəlim.

    Şirdir Şəhriyarın şeri, əlində şəmşir,
    Kim deyər mən belə bir şir ilə dəvayə gəlim?
  
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər