seirler.info
Göstər, gözəlim, gül üzünü...
(Əliağa Vahid)
Göstər, gözəlim, gül üzünü görsün, utansın,
Pərvanə sorağında gəzib odlara yansın.
Bəsdir, bu qədər məst gözün fitnə törətdi,
Baxma mənə çox naz ilə, qoy fitnə dayansın.
Zülfün əcəb ahəstə yatıb tər sinən üstə,
Tərpənsə xəta baş verəcək, qoyma oyansın.
Könlümdə nələr var, sənə neylim, demək olmur,
Yox bir elə hal əhli deyim, dərdimi qansın.
Cənnət ki, deyirlər, ona bir kimsə inanmır,
Sən göstər o gül çöhrəni, qoy aləm inansın.
Bəxtim kimi biganələrin ömrü gödəlsin,
Ey gül, təki aləmdə sənin zülfün uzansın.
Çoxdan o qara gözlərinin həsrətiyəm mən,
Alsın gözəlim canımı, çox qoyma yubansın.
Neylib sənə bilməm bu fəlakətzədə könlüm,
Biçarəni bir qoymadın asudə dolansın.
Vahid, demə, eşqində cəfa çəkdim o şuxun,
Tap bir elə aşiq ki, bu sövdadə qazansın.
_______________________________________________
Teqlər: Əliağa Vahid qəzəlləri,
Göstər,gözəlim,gül üzünü görsün,utansın,
Əliağa Vahid utansın qəzəli,qəzəl,
Eliaga Vahid,utansinr qezeli,qəzəllər,
Vahid qəzəllər,super qəzəllər,
Vahidin qəzəlləri,sevgi qezelleri