seirler.info
Ya Əli
(Aşıq Ələsgər)
Sidq ilə tutmuşam, çağırram səni,
Xeybərin qalasın alan, ya Əli!
Hər kim ayırarsa yarı yarından,
Elə tacü taxtın talan, ya Əli!
Aslan olub, merac yolunda yatan,
Əbu-Cəhlin daşın havaya atan,
Xurma lifəsiylə barmağın çatan,
Ağ devi zindana salan, ya Əli!
Ələsgərə nişan verən almanı,
İslam edən Qənbər ilə Salmanı,
Musaya öyrədən Turda kəlməni,
Cəbrayıla ustad olan, ya Əli!
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri