logo

seirler.info

Yorğun dəvəsi də mən

(Sevinc Azadlı)

Bir yorğun karvan keçir səhra könlümdən mənim. 
Dabanı çat sarbanı, yorğun dəvəsi də mən. 
Yükləmişəm neçə qat ağır dərdi üst-üstə, 
Dəvələrə çul olan solğun gəbəsi də mən. 

Külfət basıb başımı necə can saxlayıram, 
Əldən düşmüş qarıyam doxsanı haxlayıram, 
Qucağımda südəmər bir körpə saxlayıram, 
O qarının gəlini, qızı, nəvəsi də mən. 

Mənzil uzaq, əl çatmaz, qarşıda zamansa yox, 
Səbr et, düzələr kimi sözlərə qarnımsa tox, 
Fələk, məni sınağın girdabında gəl az sıx, 
Daş çatladan o səbrin o daş nüvəsi də mən. 

Çox məqamlar olubdur yüyürüb çatmadığım, 
Uzun gecələr olub ağrıdan yatmadığım, 
Şil qalmış ayağımla özümün tapdadığım, 
Qədəm qoyduğum ilan, çayan yuvası da mən. 

Hey incidir ruhumu qəlbimin nasazlığı, 
Kədərimin çoxluğu, sevincimin azlığı, 
Havam necə çəkirsən görən havasızlığı, 
Sönmüş ciyərlərimin sönük havası da mən. 

21.04.2025
 
 



  
_______________________________________________
Teqlər:
Sevinc Azadlı şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər