logo

seirler.info

Qasımım, zülfi-xəmin üzdə hüveyda görünür

   
    Qasımım, zülfi-xəmin üzdə hüveyda görünür,
Bu əcəbdir ki, gün üzrə şəbi-yelda görünür.

Ey süpehri-şərəf üzrə məhi-tabanım oğul,
Zülməti-hicrivə qoydun məni cananım oğul,
Ey xəti Xızr, ləbi çeşmeyi-heyvanım oğul,
Ləbi-ləlində sənin nitqi-Məsiha görünür.

Ey oğul, qaldı qara günlərə biçarə ərus,
Gülü əldən gedibən, yalvaracaq xarə ərus,
Al duvağın götürüb, başə salıb qarə ərus,
Bülbülün solsa gülü, başəna sevda görünür.

Kakilin həbli-mətinimdi, üzün ayeyi-nur,
Qaf məsturi-cəbinimdi, kitabi məstur.
Şəşəati-ruxi-pakin eləyib dəhrə zühur,
Kərbəla Tura dönüb, nuri-təcəlla görünür.

Oxşayırsan, ey oğul, gərçi məhi-ənvərə sən,
Al ələ tiği-hilalın, ur özün ləşkərə sən,
Çün gərək canını qurban verəsən Əkbərə sən,
Əkbərin qətlinə bu qövm mühəyya görünür.

Sənə qurban olum, ey novgüli-gülzari-Həsən,
Səni qurban verirəm şövqlə ol sərvərə mən.
Leyli öz Əkbərinin gərdəninə saldı kəfən,
Çeşminə indi nə dünyavü nə üqba görünür.

Cəddimə verdi xəbər həq, Zəkəriyya xəbərim,
Teşt içində kəsilən başı o Yəhya xəbərin.
Bil bu ayatıt, oğul, rəmz ilə ima xəbərin,
Zahiri təşnə Hüseyn, batini Yəhya görünür.

"Kafiha"da var, oğul, bir neçə məxfi məna,
"Kafi'dir Kərbübəla,"ha"yı həlaki-şühəda,
"Ya" yəqin eşqdi bu təşnələbi-Kərbübəla,
"Sat"i səbr olmasa, ey təşnə, nə məna görünür?

Seyyida, riştəyə çəkdin yenə yüz dürri-Ədən,
Sənə məhşərdə şəfaət eləsin ibn Həsən.
Mərhəbalar sənə, ey şairi-ecazsüxən,
Səndə feyzi-nəzəri-həzrəti-mövla görünür.
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər