logo

seirler.info

Zülfün gecəsi qədrdürür, al yanağın ay


    Zülfün gecəsi qədrdürür, al yanağın ay,
    Merac üzün, sidrə boyun, qaşın iki yay.
    
    Aləmdə səni qıldı könül kəndinə məqsud,
    Fikri nə ulu nəsnə, zəhi əqlü zəhi ray.
    
    Əndişə ilə əqlim iki aləmi gəzdi,
    Sənsiz netəkim istədilər bulmadılar cay.
    
    Hər kim ki, saçın küfrünə iman gətirməz,
    Mö’min degil ol dinin itirmiş, ona çox vay.
    
    Ol başı ki, bəxt eyləmədi eşqinə qurban,
    Dəyməz ayağın tozuna, ey sərvi-dilaray.
    
    Mütrib kimi hər ləhzə ənəlhəq dili söylər,
    Ey nayə giriftar olan, dur yenə çal nay.
    
    Vəsfində Nəsimi deyil ol zat kim, anın
    Mislin görələr, ya bulalar zatına həmtay.



    ______________________________________________
    Teqlər:  Imadəddin Nəsimi qəzəlləri , 
    İmadəddin Nəsimi, qəzəllər, qezeller,
    İmadeddin Nesimi qezelleri, qəzəl, qezel,
    sevgiyə aid qəzəl, sevgi qəzəlləri