seirler.info
Başım bir yarın eşqindən fələk tək döndü, fırlandı
Başım bir yarın eşqindən fələk tək döndü, fırlandı,
Ürək eşqin odundan şam kimi göz yaş töküb yandı.
Hara baxdım səni gördüm, nəyə baxdım, nişanın var,
Ürək hər nəsnəyi atdı, səni duydu, səni andı.
Günəşdə od-alovlar, göydə şimşək çaxması, baxsan,
Duamdan hər səhər-axşam qopan ah ilə əfğandı.
Məni məndən xilas etdin, sənə bağlandım, oldum sən,
Məni ölməz qılıb eşqin, sənin eşqin mənə candı.
Gözüm torpağının hər zərrəsi bir güzgüdür guya,
Üzün göstərməyə qalxıb, onunçün hər kəs heyrandı.
Mənə bir eşq odu düşdü, külümdən heç əsər qalmaz,
Vücudumda quru-yaş, hər nə var yandı, alovlandı.
Bulaqlar şur ilə çağlar, keçər sərvin kənarından,
Ayağın altına göz yaşımı tökdüyüm, ondandı.
Mənimçün yolçuluq bitməz, tükənməz, axıra yetməz,
Sənin hüsnün nəhayət bilməyən mülki-Süleymandı.
Əcəb hədyan dedi qafil, səni vəsf etməyə qalxan,
Üzün, günlə aya bənzətməyi göstərdi, nadandı.
Dayandır yaşları ey göz, mənə rəhm eylə kəs ahım,
Bu ahlar göz yaşından sonra, sel ardınca tufandı.
Gözümdən heç zaman getməz xəyali sevgili yarın,
Nəsiminin gözü hüsnün önündə aynagərdandı*.
* Aynagərdan - Toyda, gəlin önünə ayna tutan şəxs.
_________________________________________
Teqlər: Imadəddin Nəsimi qəzəlləri ,
İmadəddin Nəsimi fırlandı qəzəli, qəzəllər,
İmadeddin Nesimi qezelleri, qəzəl, qezel,
fırlandı qəzəli, nəsimi firlandi qəzəli
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri